Brief
“Viral Marketinq” nədir? Və necə edilir?

“Viral Marketinq” nədir? Və necə edilir?

Viral marketinq ənənəvi marketinq strategiyası olan ağızdan-ağıza marketinqin (WOM- word of mouth) daha müasir, dəqiq qeyd etsək, internet vasitəsi ilə həyata keçirilmiş formasıdır. Yəni, hər hansı bir məhsul, xidmət, marka və ya məhsulla bağlı yaradılan mesajın  internet, xüsusi ilə sosial şəbəkələri vasitəsi ilə yayılmasıdır. Viral marketinqin günümüzdəki önəmi olduqca yüksəkdir. Çünki ətrafımızdakı insanların əksəriyyəti artıq məlumatları internet vasitəsi ilə əldə edir. Viral marketinqi istehsalçı və istehlakçı arasında körpü də adlandırmaq olar. Xidmət və ya markanız haqqında bir neçə şəxs danışıbsa, asanlıqla insanlar arasında yayıla bilər.

Marketinqin bünövrələrindən biri olan viral marketinqin məhz bu cür adlandırılmasında başlıca səbəblərdən biri yayılan mesajın virusa bənzədilməsidir. Viral marketinqin virusdan yeganə fərqi isə istehlakçıların mesajı potensial müştərilərə öz istəyi ilə yaymasıdır. Qısacası rəqəmsal məcrada sizin yaymaq istədəyiniz mesaj cəmi bir toxunuşla həyata keçir. Əsas məsələ paylaşılmağa dəyər, hədəf kütlənizə uyğun mesaj hazırlamaqdır.

Viral marketinq necə həyata keçirilir?

Viral marketinq adətən qarşımıza video şəklində çıxır. Lakin qeyd edə bilərik ki, mail vasitəsi ilə də qarşımıza viral marketinq nümunələri çıxa bilər. Viral marketinqin həyata keçirilməsi üçün iki vasitə mövcuddur. Bunlardan birincisi son istehlakçı tərəfindən həyata keçirilən viral marketinqdir.  Məsələn, bir istifadəçi istifadə etdiyi məhsul haqqında maraqlı video çəkir və yayımlayır. Nəticədə video çox sürətlə yayılır. Bu tip reklamlara daha çox video saytlarda rast gələ bilərik. Təsadüf nəticəsində bir istehlakçı həmin məhsul və ya xidməti müdafiə edən hər hansı bir video çəkir. Əgər video uğurla yayılmağa başlayarsa, sizin viral marketinq strategiyanız işə yarayıb deməkdir. Digər bir yol isə şirkətin özü tərəfindən başlanmış kampaniyadır. Belə ki, şirkət hər hansı bir komandaya viral reklam sifarişi verərək məhsulun tanınmasını təmin edir. Məsələnin önəmli tərəfi budur ki, reklam nə qədər mütəxəssislər tərəfindən hazırlansa da, təbiilik, daha dəqiq desək, səmimilik ön planda olmalıdır. Yəni, reklam sanki hər hansı bir müştəri tərəfindən hazırlanmış kimi təqdim olunmalıdır. Xəyal gücünüzü nə qədər işə salsanız, viral marketinq strategiyanız bir o qədər uğurlu görünəcək.

Viral marketinqdə fikir verməli olduğunuz 3 əsas məqam:

Viral marketinqin yayılma prosesi- Bir mənalı olaraq viral marketinqin əsas  məqsədi müştərilər vasitəsi ilə yayılmaqdır. Burada önəmli olan məqam isə bu prosesi həyata keçirən şəxsin nə qədər motivasiyalı olmağıdır. İlk növbədə özünüzə verdiyiniz sual “niyə istehlakçı bu xidməti və ya məhsulu digər insanlarla bölüşməlidir?” Olmalıdır. Müştərinin öz-özünü motivasiya etməsi olduqca önəmli faktordur. Yalnız bu halda o digər müştərilərə sizin məhsulunuzu təqdim edəcək.  Daha qısa müddətdə tanınmaq üçün göndərdiyiniz mesajda nə qədər psixoloji faktorlar (xoşbəxtlik, maraq, maddi qazanc) çox olarsa, effektivliyiniz bir o qədər artacaqdır.

Bəli, tutaq ki, siz hər hansı bir mesaj yaratdınız. Və artıq hər hansı bir müştəriniz tərəfindən yayılmağa başlayır. Bəs “niyə bu mesaj dinlənilməlidir və ya məhsulunuzdan niyə yararlanmalıdır?” sualını düşünmüsünüzmü? Əgər bu sualları daha dərindən araşdırsanız, artıq mesajı yayan tərəflə yanaşı, mesajı qəbul edən tərəfə də bir başa təsir etmiş olacaqsınız.

Mesajınız qısa və konkret olmalı, hər kəs tərəfindən anlaşılmalıdır. Mesajı kimə ötürdüyünüzü, yəni hədəf kütlənizi yaxşı tanımalısınız. Müştərilərlə daha səmimi, sanki onların yaxını imiş kimi davranmalısınız. Viral marketinq ardıcıllığını nəzərə alsaq belə bir nəticəyə gələrik ki, mesajı yayan şəxs qarşı tərəfə məlumatı ötürdükdə artıq o da mesajı yayan şəxsə çevriləcəkdir.   

Viral marketinqin digər növlərdən fərqi hal-hazırda daha məhşur olmasıdır. Viral marketinq strategiyasında siz hədəf kütlənizlə daha yaxın olaraq onları daha yaxşı tanıyırsınız. Bununla yanaşı, siz bu üsulla büdcənizə də müəyyən qədər qənaət etmiş olacaqsınız.

Hazırladığınız mesajın harada yayınlanmağı sizin mesajınız qədər önəmlidir.  Hazırladığınız mesajı daha dəqiq hədəf kütləsinə çatdırmaq üçün seçəcəyiniz yer Facebook, Instagram, Youtube  və ya başqa bloqlar ola bilər.

Ən önəmlisi isə izləyicilərinizə qarşı dürüst olmaqdır. Yalnız dürüst olaraq sizə izləyənləri potensial müştərilərinizə çevirə bilərsiniz.